Murdar adamların oxumağından nə çıxar?

Rafiq Tağı: “Mən həbsdə olanda Röya “peredaça” yollamışdı”

 “Ünsiyyət” rubrikasının ilk qonağı hamının yazıçı kimi, yalnız həmkarları və pasiyentlərinin həkim kimi tanıdığı Rafiq Tağıdır. Onunla axşamüstü, saat 6-da görüşəcəkdik. Amma Rafiq Tağı düz yarım saat gecikdi. Dediyinə görə, gecikməyində günahkar o özü yox, tıxac olub. Müsahibənin şərtləri ilə tanış olanda, etiraz etmədi. Gecikən tərəflə zərərçəkənə (gözləyənə) etiraz etmə haqqını özündə görmədiyindən, yeni çay evlərindən birində oturduq. Çay evindəki insanların gəlib qonağımla görüşmələri, yazıları haqqında müsbət fikirlərini bildirmələri, deyəsən, Rafiq Tağının canına sarı yağ kimi yayıldı. Bu, həm də söhbətimizin gedişini rahatlaşdırdı. Pozitiv enerjisi ilə insanı yormayan Rafiq Tağı ilə musiqimizdən, onun musiqi zövqündən düz dörd saata yaxın danışdıq. Məlum oldu ki, Rafiq Tağı musiqimizi sevən, formalaşmış zövqə malik kifayət qədər diqqətli dinləyicidir. Mətbuatla sıx əlaqəsi olmasına baxmayaraq, bu söhbətdə qonağımız heç vaxt haqqında danışmadığı insanlardan və mövzulardan danışdı.

 

Əvvəli ötən saylarımızda

 

– Heç, sevdiyiniz müğənni var?

– Əlbəttə, var.

– Kimdir? 

– İndi onları sizə deyərəm. …Bəzən mahnı müğənnini sevdirir. Həmin mahnı olmasa, müğənni bir heç kimi olar.

– Deməli, mahnıya görə müğənniyə qulaq asırsınız?

– Yox, həmişə elə deyil. Bəzən də mahnı onu oxuyan müğənni sayəsində sevilir. Hə, sevimli mahnılarımdan biri – onu Ayaz adlı gənc bir müğənni oxuyur.

– Ayaz Qasımov?

– Dəqiq. Həbsdə mahnı seçmək üçün vaxt çox olur. Hansı radiodasa hər gecə saat 11-dən 12-yə qədər lirik mahnılar verilirdi. Gərək ki, Bürç FM idi. Verilişin də adı – “Gecəyə doğru”. Ayaz Qasımovu orada kəşf etdim.

– Deyəsən, Bürç FM-də elə bir veriliş vardı…

– Orada gecələr ancaq lirik mahnılar gedir…

– “Damar” mahnıları?

– Döy başına, ağla. Ayazın o mahnısı “Peşmanam” adlanır.

– Sözləri Qənirə Paşayevanın, musiqisi Aygün Səmədzadənin… 

– Bilirəm. O mahnını bu yaxında facebook-da dostlarla paylaşdım. Bəzi bəstəkarlar Ayazı öz vulqar mahnıları ilə korlamasalar, perspektivi böyükdür.

– Qənirə Paşayevanın şeir yaradıcılığı xoşunuza gəlir?

– İzləməmişəm. Məncə, o, şairliyə iddialı deyil. Mahnı mətni ayrı şeydir. Ola bilsin, mahnı sözlərinin müəllifi, məsələn, Baba Vəziroğludan fərqli olaraq, şair deyil. Bəzən hətta bəstəkarlar, ya müğənni özü, mətn yazır. Poetik baxış hər bir insan üçün xasdır.

Açığı, Könül Kərimovanın mahnıları da məni kövrəldir. Teymur Əmrahın oxuduğu mahnılar artıq klassikadır. Hərdən bədxahları ona ilişir: evi yoxdur. Ev nədir bəyəm, içində ölmək üçündür dəə – bunu da ona çox görürsünüz?..

– Teymur Əmrahın hansı mahnısı xoşuna gəlir? Hansısa bir sözünü deyin, heç olmasa…

– Hamısı. “Gecələr bulaq başı”, “Təki sən səslə məni”, “Gəl barışaq”. “Sənsizləmişəm”. Əsas da – “Əlvida”. Onun lirik mahnıları daim yada düşür. İnsanlar 40-50 ildən sonra da onu arayacaq. Sonra bax, Mübariz Tağıyev də çox gözəl estrada müğənnisidir. Nadir səsi var. Lakin məncə, onun yaradıcılığı üçün xas olan təzə mahnılar yox dərəcəsindədir.

Müğənniləri çox sadalaya bilərəm.

– Onda belə çıxır ki, Röyaya, Aygün və Brillianta, Tünzaləyə qulaq asmırsınız?

– Niyə ki. Tünzalə Ağayevanı daim axtarışda olan müğənni kimi tanıyıram. Səməd Vurğunun sözlərinə silsilə mahnılar yazıb. Onun özünəməxsus yaradıcılıq üslubu var. Aygün Kazımovada yüksək talantı dəyərləndirirəm. Di gəl, yaradıcılıq axtarışları sıfır həddindədir. Meyxana onu yıxdı.  

– Röya Hüseyn Abdullayevin bir mahnısını oxuyur – “Sənə görə”. Eşitmisiniz? Orada bəstəkar özü də oxuyur.

– Mən Röyanı çox sevirəm. Həm yaradıcılığında ciddi olduğuna görə, həm də bir insan kimi. Bir dəfə belə bir söz demişdi: “Mən oyunbazlıq edəndə də ciddi iş görmüş oluram”. Hərdən onu da dolamaq fikrinə düşürlər – açıq-saçıqlığına görə. Əslində, estradanın öz atributları var. Estrada müğənnisi xanəndə kimi dayanıb, ya oturub oxumamalıdır. Kiminsə yalançı namusuna görə estrada inkişaf eləməməlidir? Estrada müğənnisində geyim ekstravaqant olmalıdır. Estrada dünyəvi bir sənətdir və bu dünyəvi sənətin öz prinsipləri var. İndi mən bir həkim kimi durub deyim ki, Amerika təbabətini xoşlamıram, çünki şanlı Azərbaycan oğluyam, yalnız Azərbaycan alimlərinin kəşflərini kəşf sayıram, bu, düz olmaz. Ya Türkmənbaşı “Oksford”u bitirən həkimlərin diplomlarını tanımırdı. Gərək həkim Aşqabad Tibb İnstututunu bitirmiş olaydı. Elm milli yox, dünyəvidir. Elə estrada da elm kimidir. Bu, dünyəvi bir sənətdir. Röya öz sənətini qoçaqcasına cəmiyyətə tətbiq edə bildi.

Mən sizə Röyanın başqa cəhətlərindən də danışmaq istərdim. Mən həbsdə olanda Röya bizə “peredaça” yollamışdı. Demək belə. “Bayıl”dayam. 2007-ci il – Novruz bayramı günüdür. Bir də gördük qapı şaqqıltıyla açıldı – hər dustağa iki dolu çanta, birində konfetlər, şəkərbura, paxlava və s., digərində dəftərlər, qələmlər, corab, sabun, nə bilim, nələr. Təcridxanadakı 2200 dustağın hər birinə ayrı-ayrılıqda bu cür hədiyyə dolu çantalar paylandı. Kim göndərib bunları – sən demə, Röya Ayxan. Hamı bir ağızdan “Röya, sağ ol!” qışqırırdı. Dustaqlar onu çox sevirdi. Çox mərd və ürəyiaçıqdır Röya.

Deyirlər, Aygün Bəylər də elədir – kasıb-kusub anası.

Murdar adamların oxumağından nə çıxar…

– Bizdə qıcıq törədən müğənni varmı?

– Hərdən yekəbaşlıq edirlər. Ancaq inandırım, o yekəbaş da başı daşdan-daşa dəyəndən sonra dəyişəsidir. Çalışmalıyıq ki, heç kəsin oxumaq həvəsini öldürməyək.

– Maraqlıdır, Röya etdiyi yaxşılıqları heç yerdə demir. Eləsi var ki, cəmi bir dəfə qocalar evinə gedir, onu da çəkdirib televiziyaya verir.

– Etdiklərini car çəkib aləmə yaysaydı, Röya Röya olmazdı ki. Onda xarakter var. Baş-gözünü örtüb özünü əxlaqlı göstərənlərdən də tam fərqlənir. Əxlaq hicabda-bürünməkdə yox, tamam başqa cəhətlərdədir.

– Müğənnilərin bir-biri ilə münaqişəsinə, onların maqazin verlişlərində bir-biri ilə atışmasına necə baxırsınız? Bu lazımlıdı, yoxsa biabırçılıqdı?

– Yox, biabırçılıq-zad deyil. Şou aləminin öz qanunauyğunluqları var. Əksinə, belə olmasaydı, təəccüblü olardı. Bu olmalıdır. Həm də kütlənin mənfi enerjisi belə şeylərlə heçə endirilir. Müəyyən təbəqələr şou aləmi ilə yaşayır, onların bu hüququnu niyə əldən alasan. Bizdə belə şeylərə xor baxanlar əsasən lüzumsuz komplekslərdən qopa bilməyənlərdir.

Bir yazıçı kimi zaman-zaman mənim də üstümə çox düşüblər. Hətta kölgəmi də qılınclayıblar. Ancaq yaradıcılıq yeganə şeydir ki, onu heç kəs əlimdən ala bilməz. Bir dəfə biri qəzəblə yazmışdı: bu necə işdir, Azərbaycanda bir kişi tapılmır ki, Rafiq Tağını dirəsin divara, təpəsinə bir güllə. Sonradan o adam mənimlə dost oldu. Hansısa bir hekayəmi oxuyandan sonra ağlayıb və özünə qəti söz verib ki, bir də mənim əleyhimə heç nə yazmasın. Doğrudan da, daha heç nə yazmadı, məni darıxa-darıxa qoydu.

– İlhamə Quliyeva, yoxsa Flora Kərimova? Bu saat iki disk göstərsəm, hansını seçərdiniz? Hökmən birini seçməlisiz…

– Birini seçsəm, insafı itirmiş olaram. Hər ikisi sevimli müğənnimizdir. Ayrıca birini deməyəcəyəm. İlhamə xanımın da yaxşı mahnıları var, Flora Kərimovanın da. Ancaq Flora xanımın oxuduğu “Bakının gecəsi” yaman ürəyimcədir. Çox işıqlı mahnıdır. Elə bilirsən par-par yanır.

Mən bircə bu iki yaradıcı xanımın didişmələrini xoşlamıram. 

– Bəlkə o da şoudu?

– Təəssüf ki, şou deyil, kin-küdurətli bir şeydir. Əsl şouda kin olmur. Şou savaş deyil, dinamizmdir. Bəzən Flora Kərimova xırdalıqlara enir, bircə zarafatla ötüşəsi şeyləri məhkəməyə çıxarır. Məhkəməbazlıqdır bu və heç cür Flora xanıma yaraşdırmıram. Mən bir dinləyici olaraq, onda belə hərəkətləri görmək istəmirəm. Ancaq yenə özü bilər. İnsanın gözəlliyi həm də güzəştə getməyi və bağışlamağı bacarmağıdır. II İohan Pavel ona güllə atmış Əli Ağcanı türmədə qucaqlayaraq ağlamışdı. Sən yaradıcı insan kimi tənqiddən, yəni müəyyən səviyyədən aşağı olan sözlərə cavab verməməlisən. 

Sonda onu deməliyəm ki, ən çox sevdiyim müğənnilərdən biri Sevda Ələkbərzadədir. Niyə onu soruşmadınız? Gəlin, onun bir mahnısını yada salaq – “Əlimi bıçaq kəsibdi…”

 

Son

 

Elxan Xanəlizadə

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button