Vergi “Gündəm Xəbər”i çökdürdü!

Şirin Cəfərli: “Bu, siyasi sifarişin nəticəsidir…”

“Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli barəsində cinayət işi qaldırılması ilə bağlı açıqlama yayıb. Baş redaktorun açıqlamasında deyilir ki, rəhbərlik etdiyi quruma uzun müddətdir ki, müxtəlif səpgili təzyiqlər edilir: “Bu vaxta qədər müxtəlif vasitələrdən istifadə olunaraq daha çox tənqidi mövqedə dayanan «Gündəm Xəbər» qəzetinin susdurulmasına çalışılıb. Lakin bu da alınmadıqda sonuncu dəfə qəzetimizə qarşı absurd ittihamlar irəli sürüldü və guya ki, qəzetimizin maliyyə işlərində vergidə yayınma halları olub və bu iş üzrə Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən iki aya yaxındır ki, araşdırmalar aparılır.
Bu araşdırmalar nəticəsində isə ortaya absurd və gülünc bir qənaət qoyulub. Belə ki, qəzetimizin bu ilin 16 may tarixindən gündəlik nəşr olunmasına baxmayaraq, vergi orqanlarının əməkdaşları son bir illik fəaliyyətimizin bütün dövrünə gündəlik nəşri şamil ediblər.
Eyni zamanda qəzetimizin real tirajının rekvizitdə göstərilməməsini bəhanə edərək, «Gündəm Xəbər»lə bağlı araşdırmalar zamanı «Azadlıq» qəzetinin bugünkü tirajını nümunə kimi götürüb və hər iki absurd dəyərləndirmə şəraitində qəzetimizə qarşı astronomik həddə vergidən yayınma məbləği irəli sürüblər.
Yəni məlum olduğu kimi, qəzetimizə qarşı sürülən ittihamda da guya ki, qəzetimiz tərəfindən nəğd pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsaitin vergidən yayındırıldığı qeyd olunub.
Halbuki yuxarıda da qeyd etdiyim kimi, qəzetimizin real tirajı 2000 nüsxədən yuxarı olmayıb və qəzetimiz yalnız bu ilin 16 may tarixindən etibarən gündəlik, yəni həftədə 5 dəfə dərc edilməkdədir.”
Məlumatda o da bildirilir ki, bütün bu absurd qərarla bağlı baş redaktor barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirildiyi də bildirilir. “Əlavə olaraq bildirmək istəyirəm ki, ilk əvvəl Vergi Auditi Departamentinin əməkdaşları mənə qəzetimin 2008-ci ildən 2011-ci ilin may ayının 1-nə qədər olan müddət ərzindəki fəaliyyətinin araşdırılacağını bildirdilər. Mən də onlarla razılaşdım və diqqətlərinə çatdırdım ki, «Gündəm Xəbər» qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur.
Bir daha qeyd edim ki, «Gündəm Xəbər» qəzeti yalnız bu ilin 16 may tarixindən etibarən həftədə beş dəfə dərc edilməkdədlir. Lakin sonradan vergi orqanlarının əməkdaşları elan etdikləri tarixə qədər, yəni 2011-ci ilin may ayının 1-nə qədər olan dövrdəki dövriliyi yox (yəni həftədə 2-3 dəfə), 2011-ci ilin 16 may tarixindən olan dövriliyi (yəni həftədə 5 dəfə) əsas kimi götürərək bu dövriliyi bütün ilə şamil etməklə yanaşı, yuxarıda da qeyd etdiyim kimi «Azadlıq» qəzetinin bugünkü tirajı ilə (8 min nüsxə) «Gündəm Xəbər» qəzetinə astronomik həddə cərimə kəsib. Halbuki «Gündəm Xəbər» qəzeti nəşr olunduğu gündən maksimum tirajı 2000 nüsxə olub.
Bütün bunlarla bağlı bildirirəm ki, Vergi Auditi Departamentinin əməkdaşları qəzetimizə bir aylıq müddət tanıyıb və bu müddət ərzində biz onların çıxardığı sanksiyanın qanunsuz olduğunu sübuta yetirməliyik. Bu səbəbdən «Gündəm Xəbər» qəzetinin redaksiya kollektivi sentyabr ayının 1-nə qədər məzuniyyətə çıxmaq məcburiyyətində qalıb və bu müddət ərzində qəzetimiz üzləşdiyi absurd ittihamdan müdafiə olunmaq məcburiyyətindədir.
Bildirirəm ki, «Gündəm Xəbər» qəzetinə qarşı olan bütün bu basqılar siyasi mahiyyət daşıyır, siyasi sifarişin nəticəsidir. Bu səbəbdən bütün ölkə ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, beynəlxalq təşkilatlardan, Avropa ölkələrinin və ABŞ-ın Azərbaycandakı səfirliklərindən bu gülünc və qanunsuz hərəkətin durdurulması üçün dəstək istəyirəm. İmkan verməyin ki, Azərbaycanda daha bir AZAD SÖZ tribunası haqsızlıqla susdurulsun”.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button