Bizi vuruşduğumuza peşman ediblər!

Suraxanının icra başçısı İlqar Abbasov

Müharibə əlilləri Suraxanının icra başçısını torpaq satmaqda ittiham etdi

 Zaman-zaman ölkə mətbuatında Qarabağ müharibəsi əlillərinin məmur özbaşınalığının qurbanı olması barədə məqalələr dərc edilir. Əlillər əsasən sosial problemlərdən və müalicə xərclərindən şikayətçi olur. Redaksiyamıza müraciət edən Hövsan qəsəbəsi sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Habil Yəhyayev Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanının icra başçısının qanunsuz əməllərinin qurbanı olduqlarını bildirdi. H.Yəhyayev Suraxanı rayonu ərazisində Qarabağ müharibəsi əlillərinə köşklər inşa etdirmək üçün torpaq sahələri ayrıldığını bildirdi. Qarabağ müharibəsi əlili torpaq sahələrinin bölüşdürülməsində qanunsuzluqların baş alıb getdiyini qeyd etdi. Onun sözlərinə görə, icra hakimiyyəti əlillər arasında ayrı-seçkiliyə yol verir.

H.Yəhyayev Qarabağda gedən döyüşlərdə fəal iştirak etdiyini bildirdi: “Mən Daxili Qoşunların tərkibində Ağdamda, Füzulidə, Ağdərədə döyüş əməliyyatlarında iştirak etmişəm. Döyüşlərdə yaralanmışam və ikinci qrup əliləm”. Qarabağ əlili maddi vəziyyətləri ağır olduğundan köşk inşa etmək məqsədi ilə torpaq sahəsi almaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirdi: “Mən və Qarabağ əlilli olan İxtiyar Hüseynov, Ədalət adlı yoldaşımızın sənədləri artıq 6 aydır ki, Bakı Şəhər İcra Hakimiyyətindədir. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbuluna getmişik. Bizi başlarından rədd ediblər. Bakı şəhərinin  baş memarı Akif Abdullayevin qəbulunda olmuşuq. O bizə bildirdi ki, sizin işinizə ancaq Hacıbala müəllim baxa bilər. O, eyni zamanda vəd etdi ki, bizi Hacıbala müəllimlə görüşdürəcək. Amma vədinə əməl etmədi”.

Müharibə əlili sentyabrın 30-da BŞİH-də olduqlarını bildirdi: “Bizi İcra Aparatının Rasim adlı rəhbəri qəbul etdi. O da müxtəlif bəhanələrlə bizi rədd etdi. Biz Hacıbala müəllimlə görüş tələb etdik. Belə olan təqdirdə Rasim müəllim otağa polisi dəvət etdi. Qəbuldakı insanlar olmasaydı, polis bizi həbs edəcəkdi”.

Qarabağ əlili Suraxanının icra hakimi İlqar Abbasovdan şikayətçi olduqlarını söylədi: “Suraxanının icra başçısı əlillərə rişxənd edir. Dəfələrlə onun qəbulunda olmuşuq.  Bizə yuxarıdan aşağı baxır”.

Qarabağ əlili Hövsan qəsəbəsi mərkəzi yolunun kənarından torpaq sahəsi almaq istədiklərini söylədi: “Bizə deyirlər orada olmaz. Amma hər gün həmin ərazidə yeni mağaza inşa edilir. İlqar müəllim həmin yerlərin kvadratını 3.000 manata satır. Bunu faktla da göstərə bilərik. Amma Qarabağ əlillərinə həmin yerləri vermir.

Yol kənarındakı boş yerlərin fotolarını çəkirik. Çəkilişdən  5-10 gün keçəndən sonra orada tikinti gedir. İlqar Abbasov bizdən sübut tələb edir. Yeni inşa edilən mağazaları göstəririk. Onda da deyir ki, sübut edə bilərsiniz ki, həmin yerləri mən satmışam?”

H.Yəhyayev rüşvət vermədiklərinə görə, torpaq sahəsi ilə təmin edilmədiklərini bildirdi: “Mən iki dəfə kontuziya almışam. Əsəb dispanserində qeydiyyatdayam. Dərmanlarıma belə pul çatdıra bilmirəm. Biz rüşvət vermirik deyə torpaq sahəsi ala bilmirik. Şəhid Ailələri və Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin Suraxanı rayon şöbəsinin rəhbəri Oqtay müəllimə də yaxın düşmək olmur. O, icra başçısının adamıdır. Bizi Qarabağda vuruşduğumuza görə peşman ediblər. Əlilləri tula yerinə də saymırlar”.

Fəqan 

 “Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button