Cahangir Əsgərov iki nəhəng binanı aldı

AZAL-ın şefi 108 mənzilin hər kvadratına 3200 dollardan nağd pul verib

 Səməd Vurğun küçəsində Rixard Zorge bağının yaxınlığında qədim arxitekturalı 5 və 7 mərtəbəli binaların sakinləri artıq köçürülüb. Yaxın günlərdə bina söküləcək. Artıq hər iki binanın pəncərələri çıxarılıb. Elektrik xətləri və kanalizasiya sistemi bərbad hala salınıb. Nəinki yaşayış, hətta ətrafda gəzinti belə, insan həyatı üçün təhlükəlidir.

Ötən gün ərazidə olanda bina sakinlərindən eyvanlara bərkidilmiş çanaq antenaların yadigar qaldığını gördük. Ətrafda yaşayan vətəndaşlardan sakinlərin hara köçürülməsi ilə bağlı məlumat almağa cəhd etdik. Onlar sakinlərin bir neçə ay əvvəl köçürüldüyünü dedilər. Bildirdilər ki, mənzil sahibləri ilə çox rahat söhbət ediblər. Heç kim narazı qalmadan evini tərk edib.

Bəlli oldu ki, iki binada yalnız bir neçə ailə yaşayır. Onlar hələlik ev tapa bilmədiyindən yurdlarını tərk etməyiblər. Həmin ailələri tapmaq istəyimiz isə heç bir səmərə vermədi. Sən demə, binaların sonuncu sakinləri mənzillərinə yalnız gecələmək üçün gəlirlər.

Ətrafda işləyən fəhlələrlə söhbət etmək qərarına gəlirik. Onlar deyirlər ki, bina yaxın günlərdə uçurdulacaq: “Artıq sakinlər köçürülüb. Bir-iki ailə qalıb. Onlar da tezliklə gedəcəklər. Bildiyimizə görə, sakinlərə hər kvadrat metr üçün 3200 dollar kompensasiya ödənilib. Onlar da çox sakit şəkildə buranı tərk etdilər. Bildiyimizə görə, heç kimə problem yaradılmadı”.

Hər iki binada ümumilikdə 108 mənzil var. Binaların yaxınlığında olan ərazilər də hasara alınıb. Həmin əraziyə daxil oluruq. Bizi qarşılayan fəhlələrdən biri dedi ki, binalar sökülüb ərazi birləşdiriləcək. Ancaq nəyin tikiləcəyi barədə heç bir məlumatı olmadığını söylədi.

“3200 dollar kompensasiya” kəlməsini eşidəndə, az qala şoka düşəcəkdik. Çünki Bakının istənilən yerində mənzilin təmirindən asılı olmayaraq kvadrat metrə 1500 manat verilir. “Qış bulvarı” layihəsi üçün nəzərdə tutulan Füzuli və Şəmsi Bədəlbəyli küçələri, Neftçilər prospekti, Mehriban Əliyevanın oxuduğu 23 saylı orta məktəbin ətrafı, Bayıl qəsəbəsində “Bayraq meydanı” ərazisindəki binaların sakinlərinə 1500 manatdan artıq kompensasiya ödənilməyib. Halbuki, Rixard Zorge bağının yaxınlığında olan bu binalar məsələn, Füzuli və Şəmsi Bədəlbəyli küçələrinə nisbətdə şəhərin mərkəzindən aralıdadı. Onda sual yaranır: niyə bura daha çox kompensasiya ödənilib? Bu suala nə fəhlələr, nə də söhbət etdiyimiz vətəndaşlar cavab verə bildi. Ancaq araşdırmalarımız zamanı məlum oldu ki, ərazidə yaşayanları evlərindən didərgin salan  Əsgərovdur. AZAL prezidenti çox səs-küy yaratmamaq üçün sakinlərlə ortaq məxrəcə gəlib. Hətta iş o qədər yüksək səviyyədə görülüb ki, məsələ indiyə qədər mətbuata belə, çıxmayıb.Ərazidə nəyin tikiləcəyi hələlik məlum deyil. Bilinən budur ki, tezliklə bina sökülməlidir. Yalnız bundan sonra ərazidə nəyin tikiləcəyi məlum olacaq.

Məlumatlara görə, sözügedən ünvanda Avropa üslubunda yeni ticarət və əyləncə mərkəzi inşa ediləcək. Başqa bir məlumatda isə Heydər Əliyev adına müasir təhsil kompleksinə yeni korpus tikiləcəyi deyilir. Məlumatı verən qaynaq AZAL şefinin adıçəkilən yerdə göz oxşayan hündür mərtəbəli bina tikməyi planlaşdırdığını da istisna etmədiyini qeyd etdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button