Çürüyən əsgəri Mirşahin qəbul etməyib

Eldarın ölümündə ANSin də payı var

 «Eldarın ölümündən bir neçə gün əvvəl ANS-ə getdik ki, bizim dərdimizi dinləsinlər, ancaq Mirşahin Ağayev bizi dinləmədi və bizi haradasa şirkətdən qovdu» – bu barədə XuralTAC-a bir müddət əvvəl burnunda aparılan uğursuz əməliyyatdan sonra çürüyən və Türkiyənin Gülhanə Hərbi tibb xəstəxanasına aparılarkən aeroportda müəmmalı şəkildə ölən Milli Ordunun əsgəri Eldar Novruzovun atası Qədir Novruzov məlumat verib.

Q.Novruzovun sözlərinə görə, Eldarın səhhətinə Müdafiə Nazirliyinin laqeyd yanaşması və cərrahiyyə əməliyyatından sonra oğlunun səhhətində yaranan problemlə bağlı ANS Şirkətlər Qrupuna üz tutublar: «ANS bir müddət öncə Eldarın səhhətindəki problemlə bağlı «İç Xəbər» verilişində bir süjet efirə vermişdi. O veriliş də haradasa müxbir qızların israrlarının sayəsində baş vermişdi. ANS rəhbərliyi xüsusi tapşırıq vermişdi ki, reportaja xüsusi bəzəl-düzək vurulmasın. Biz yenidən ANS-ə gedəndə Mirşahin dedi ki, sizə görə başımız dərdə girib, o süjetdən sonra Səfər Əbiyev zəng eləyib, çox acıqlı danışıb və ANS-dən inciyib. Mirşahin dedi ki, nazirlik «Marş» verilişini qəbul etməyib. Onun sözlərindən belə məlum oldu ki, ANS şirkətinin hansısa biznes marağını bu süjet ciddi təhlükə altına salıb. Ona görə də oğlumun səhhəti ilə bağlı heç bir informasiya verməyəcəyini bildirdi».

Məlumat üçün bildirək ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin həm də makaron istehsal edən fabriki mövcuddur. Bildirilir ki, V.Mustafayevə məxsus həmin məhsullar Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, hərbçilərin yemək rasionuna daxil edilib. Başqa sözlə, ANS Şirkətlər Qurupunun prezidentinin Müdafiə Nazirliyi ilə biznes ortaqlığı mövcuddur.

Q.Novruzov oğlu Eldarın ölümündə ANS şirkətlər qrupunun da ən azı mənəvi məsuliyyət daşıdığını qeyd edir: «ANS telekanalı ictimai rəyə ciddi təsir edir və məmurlar da bununla hesablaşırlar. Əgər Mirşahin oğlumla bağlı hər hansı narahatlıq ifadə edən süjet efirə versəydi, onlar oğlumu öldürməyə cəsarət etməzdilər. Ona görə də hesab edirəm ki, ANS də Eldarın öldürülməsində mənəvi məsuliyyət daşıyır».

ANS Şirkətlər Qrupunun və onun vitse-prezidenti Mirşahin Ağayevin də mövqeyini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button