Ziya Məmmədovun da partiyası olacaq?!

Nəqliyyat naziri Nizami Süleymanovun qardaşı Əlirza Süleymanovu səhnəyə çıxarır…

 “Yurd” restoranında nələrdən danışılıb?!

 Siyasi partiyalar və ictimai təşkilatlarla iş birliyində əsasən iki yüksək çinli məmurun adları hallanır – Ramiz Mehdiyev və Kəmaləddin Heydərov. Bir neçə il öncə PA rəhbərinin təəşəbbüsü ilə YAP-ın yan qurumları yaradılaraq bir blokda birləşdilər. Bir və ya iki nəfərlik bu siyasi təsisatlar ölkə başçısının, hətta bir az da irəli gedərək birinci xanımın adından istifadə edərək, gah təşkilatlanmağa cəhd edir, gah da şəxsi biznes fəaliyyətlərini genişləndirməklə məşğul olurdular. Bundan başqa, cəmiyyətə qətiyyən təsir imkanları olmayan bu qurumlar hakimiyyətdən ancaq maliyyə yardımları alır, lakin heç bir məhsuldar fəaliyyət göstərmirdilər. Sözsüz ki, PA rəhbərini bu fəaliyyət qətiyyən qane edə bilməzdi. Elə ona görə də R.Mehdiyev blokun fəaliyyətinin dondurulması ilə bağlı qeyri-rəsmi göstəriş verdi. Cənab Mehdiyevin blokun fəaliyyətinin dondurulması ilə bağlı göstərişinə ikinci, bəlkə də ən böyük səbəb həmin “cırtdanların” son vaxtlar YAP-la həddini aşmış formada davranmaları oldu. Belə ki, iqtidarın nəzarətində olan televiziya və qəzetərdən gen-bol istifadə edən həmin partiyalar hətta YAP-ın onlarsız bir heç olduğunu açıq şəkildə, həm də jestləri ilə göstərməyə çalışırdılar. Sözsüz ki, bu vəziyyət nə YAP rəhbərliyini, nə də baş ideoloqu qane edə bilməzdi. Elə ona görə də maliyyə qaynaqarı ilə paralel, televiziya və mətbuat da onların üzünə bağlandı. Bu gün artıq həmin partiyalar demək olar ki, yoxdurlar. Məsələnin ən maraqlı tərəfi isə hətta onların son prezident və parlament seçkilərində yardımlarından söz olaraq da istifadə olunmadı. Yəni o təsisatların rəhbərləri həmişəki kimi televiziyalara çıxıb ölkə başçısının müsbət məziyyətlərindən gen-bol danışmadılar. Deməli, hakimiyyət yeni və tələblərə cavab verən təəssübkeşin yaradılmasından yanadır. Nəzərə alsaq ki, YAP-a yardım blokunda Sabir Tanrıverdiyev və o düşüncədə olan adamlar çoxluq təşkil edirdilər, onda real mənzərəni göz önünə gətirmək heç də çətin olmaz. Hakimiyyət hal–hazırda 2013-cü illə bağlı ciddi proje üzərində işləyir. Lakin hakimiyyətə yaxın partiyalardan birinin sədri ilə əməkdaşımızın söhbəti zamanı hakimiyyətin “yeni qüvvə” projesi hələ ki, dalana dirənib. Əvvəla, hakimiyyət müxalifət daxilindən 2003-cü ildə olduğu kimi əsas fiqurları daha öz tərəfinə çəkə bilmir. Bir–birinin ardınca baş verən ərəb inqilabları hakimiyyətin şirin vədlərinə aldanıb cəbhənin digər tərəfinə keçmək istəyənlərin qarşısına çox ciddi sədd çəkir. Partiya sədri bildirib ki, üzdə olan şəxslər 2003-cü ildən fərqli olaraq, 2013-cü ildə hakimiyyətin siyasi iflası olacağına inanırlar. Cəmi bir illik səfadan ötrü ömürlük cəfaya kimsə razılaşmır. Elə bu da hakimiyyəti çətin dilemma qarşısında qoyub.

R.Mehdiyevdən fərqli olaraq Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu sahədə problemlərini hələ illər öncə həll etməyi bacarıb. Həmsöhbətimizin bildirdiyinə görə əbədi rəqiblər olan R.Mehdiyev və K.Heydərov mübarizəsində fövqəlnazir hələ ki, qalıb durumdadır. Belə ki, cənab Heydərov illər öncə, mərhum Heydər Əliyevin tapşırığı ilə himayə edəcəyi partiyaların rəhbərlərini məhz hərəkat iştirakçıları olmuş şəxslər içərisindən seçməklə, bu gün R.Mehdiyev üçün yaranan problemləri sanki öncədən görmüşdü. Mənbə bildirib ki, K.Heydərov seçimində əsas iki amilə görə qalib durumdadır:

1. Heydərovun kadrları hərəkatçı olduqları üçün əksər müxalifət liderlərinin zəif nöqtələrini digərlərindən gözəl bilirlər.

2. Ciddi siyasi mübarizə yolu keçmiş bu şəxslər ekstremal şəraitlərdə müstəqil qərar qəbul etməkdə zorluqlar çəkməyəcəklər.

Hər iki hal rəqiblə mübarizədə müsbət xarakterizə olunur. Lakin R.Mehdiyevin kadrlarında K.Heydərovun himayə etdiklərindən fərqli situasiyalar var. Əvvəla, ona görə ki, PA rəhbərinin himayəsinə sığınanlar siyasi qüsurlu insanlardır. Onlar hər hansı maliyyə yardımı nəticəsində tərəf olduqlarını nəinki gizlətmirlər, hətta ciddi açıqlar buraxırlar. Fövqəlnazirin tərəfdarları isə peşəkarlıqla tərəf olduqlarını gizlədir, cəmiyyətdən və müstəqil mediadan açıq təpki olduqda isə məhkəmələr vasitəsilə məsələni yalanlamağa çalışırlar.

Mənbənin verdiyi məlumata görə, artıq Nəqliyyat nazirinə də bu istiqamətdə fəaliyyət göstərmək tapşırığı verilib. Hakimiyyət 2013-cü ilin prezident seçkilərinin o qədər də asan keçməyəcəyini bildiyi üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışır. Lakin yuxarıda söylənildiyi kimi yeni kadrların tapılmasında ciddi problemlər yaşanır. Hakimiyyətin illərlə böyük miqdarda maliyyə dəstəyi verdiyi gənclər isə artıq etibarlarını itirmiş durumdadırlar. Müxalif yönümlü həmyaşıdlarına hər bir anlamda uduzan iqtidar meylli gənclər daha çox mövqe mübarizəsinə başlayıblar. Daxili mübarizənin şiddətlə əleyhinə olan hakimiyyət, qruplaşmış gənclərin rəhbərləri ilə çox sərt danışıb. Hətta məsələnin mətbuata çıxacağı təqdirdə cəza tədbirlərinin qaçılmaz olduğu da bildirilib. Millət vəkilliyi statusu olan qrup rəhbərlərinin diqqətinə isə Hüseyn Abdullayev nümunəsinin olduğu çatdırılıb.

Bir müddət öncə cəmiyyətə ciddi persona kimi qəbul edilməyən Nəqliyyat nazirinin oğlunun siyasətə gəlməsi barədə yayılan məlumatların əsassız olmadığını söyləyən həmsöhbətimiz, prezident seçkilərindən sonra tamamilə küncə sıxışdırılmış Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə danışıqlara başlanıldığını bildirdi. Nəzərə alsaq ki, Hafiz Hacıyev illər uzunu PA rəhbərinə yaxın olan şəxs kimi xarakterizə olunub, onda onun yenidən gündəmə gətirilməsi düşündürücüdür. Mənbə söyləyir ki, MMP sədrinin PA rəhbəri ilə münasibətlərinin pozulmasında YAP-ın icraçı katıbı Əli Əhmədovun rolu olub. Həmin vaxt xaraktercə çılğın olan H.Hacıyevi Ə.Əhmədovun bu hərəkətlərinin arxasında məhz R.Mehdiyevin durduğuna inandıra bilmişdilər. Və elə o gündən H.Hacıyev R.Mehdiyelə bağlı ciddi açıqlamalar verməyə başladı. Lakin bu heç də MMP sədrinə bir o qədər ucuz başa gəlmədi. K.Heydərovun H.Hacıyevlə işləməkdən imtina etməsi, R.Mehdiyevlə MMP sədrinin münaqişə vəziyyətində olmaları, bu işə Nəqliyyat nazirinin qoşulmasına səbəb oldu. Lakin mənbə olduqca maraqlı bir məsələni bildirdi – Hafiz Hacıyev Nəqliyyat nazirinin oğlunun adamı olmaqdan imtina edib. Belə olan təqdirdə Z.Məmmədov bu işə rəhbərliyi, özünə kifayət qədər yaxın olan şəxsə – Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Əlirza Süleymanova həvalə edib. Mənbə bildirir ki, Ə.Süleymanov MMP sədri ilə özünün “Yurd” restoranında görüşərək razılığa gəliblər. MMP sədri Ə.Süleymanova hakimiyyətdən incikliyinin səbəblərini açıqlayarkən, prezidentə qarşı hakimiyyətdaxili qüvvələrin planları ilə bağlı da ilginc məlumatlar verib. Ə.Süleymanov məlumatları Z.Məmmədova çatdıracağını bildirib. Mənbə söyləyir ki, MMP sədrinin söylədikləri hakimiyyətdaxili mübarizədə Z.Məmmədovun kifayət qədər işinə yarayacaq. O da söylənilir ki, artıq bir neçə müddətdir ki, MMP sədrinin müavinlərindən biri Ə.Süleymanovun tapşırığı ilə ADY QSC-nin səlahiyyətlilərindən biri ilə məhz problemlərin həlli üçün mütəmadi görüşürlər.

MMP sədri isə Nəqliyyat nazirinin siyahısında birinci və sonuncu adam deyil. Elə Əlirza Süleymanovun doğmaca qardaşı Nizami Süleymanov da yeni yaradılacaq partiyalardan birinin rəhbəri kimi ehtiyat variantda saxlanılır. Necə olmasa, onun da fəaliyyəti göz qabağında olub. Müxalifətə löyün-löyün söyməkdə o da illərin təcrübəsini qazanaraq sınaqdan çıxarılıb.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button