Azərbaycanda “Exchange” xaosunu kimlər yaradır?

Mərkəzi Bankın vahid kursuna görə, 1 ABŞ dollarının alış qiyməti 78.24 olduğu halda Kapital bankın «Excange»lərində kurs 78.45 civarında alış qiyməti olaraq təklif edilir

 Dünyanın heç bir ölkəsinin paytaxtında Bakıda olduğu qədər xaotik valyuta mübadilə məntəqələri yoxdur. Heç bir bankın filialı olmayan, heç bir bank qurumuna bağlı olmayan “Excange”lər demək olar ki, Bakıda valyuta bazarına təsir edirlər. Hələ də valyuta mübadilə əməliyyatlarında “qara bazar” anlayışı qalmaqdadır. “Qafqazinfo”nun apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu “qara bazar”ın dövriyyəsi bəzən aktivlik baxımından rəsmi qiymətli kağızlar bazarının dövriyyəsinə bərabər olur. Hətta bəzi tədiyyə balansları üzrə göstəricilərdə, həmçinin də xarakterik proqnozlaşdırmalarda qara bazar bir qədər də irəli çıxır. Amma bazarda balans dəyişmir. 

Bu barədə «Qafqazinfo» saytında yazılan məqalədə bildirilir. Saytda dərc edilən yazıda daha sonra qeyd olunur:

– Azərbaycanda valyuta dəyişmə məntəqələrinin sayının çoxluğu, bəzən onların lisenziyasız fəaliyyət göstərməsi hallarına da rast gəlinir. Dünyanın əksər dövlətlərində, hətta MDB məkanında hökumətin konkret direktivi var ki, küçələrdə, yollarda valyuta dəyişmə məntəqələri fəaliyyət göstərməsin. Hətta Rusiyada belə Mərkəzi Bankın direktivinə uyğun olaraq bütün valyuta dəyişmə məntəqələri ləğv edilib.

Amma Azərbaycanda, analoqu olmayan ölkəmizdə, gözəlləşdiyi, müasirləşdiyi iddia olunan Bakıda hələ də bu xaos mövcuddur.

Gəlin, “Excange”lərin faktiki olaraq himayədarları, ümumiyyətlə bu stasionar məntəqələrin fəaliyyətinə diqqət yetirək.

Bakı şəhəri üzrə 24 saat ərzində valyuta məzənnələri üzrə dəyişmə göstəriciləri, alqı və satqı rekvizitləri hər an açıqlanır. Faktiki olaraq qiymətli kağızlar bazarında valyuta alveri bankların istəyinə uyğun həyata keçirilir.

Amma kiçik bir araşdırma apararaq müəyyən etmək mümkündür ki, indi Bakı şəhərində ən çox «Excange» “Kapital Bank”a aiddir. Ölkənin iki ən iri bankının o birisi Azərbaycan Beynəlxalq Bankın isə çox az sayda VDM var.

Amma bu da səbəbsiz deyil. Araşdırmalar göstərir ki, bəzən Mərkəzi Bank xarici valyutanın Azərbaycan manatı üzrə alış kursundan da baha qiymətə “Kapital Bank” təklif irəli sürür. Məsələn, Mərkəzi Bankın vahid kursuna görə, 1 ABŞ dollarının alış qiyməti 78.24 olduğu halda Kapital bankın «Excange»lərində kurs 78.45 civarında alış qiyməti olaraq təklif edilir. Təbii ki, valyuta alveri bir bankın daxili kommersiya işi sayılmır. Bu baxımdan da «Qiymətli kağızlar bazarının tənzimlənməsi haqqında» müvafiq qanunun tələblərinə uyğun olaraq banklar valyuta bazarında kursları Mərkəzi Bankın kursları ilə uyğunlaşdırmalıdırlar.

Amma biz bir neçə bankda, xüsusilə də ölkənin ən iri ikinci bankında bunun şahidi olmuruq. Nəticə etibarilə də digər bankların valyuta bazarında mübadilə gəlirləri yarıbayarı azalır. Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən kiçik bir VDM işçisi deyir ki, günün sonunda valyutanı təmsil etdiyi banka yox, “Kapital Bank”a satır. Həmsöhbətimiz deyir ki, məntəqə heç bir bankın lisenziyası il fəaliyyət göstərməsə də, rəsmi arayışı var. Bu arayışı da ona sifarişçi olaraq “Kapital Bank” verib.

Valyuta dəyişmə siyasətində adıçəkilən bankın daha çox pul qazanmaq üçün daxili imkanları da kifayət qədərdir. Məsələn bankdan kənarda digər VDM-lərindən fərqli olaraq daha çox alış qiyməti təklif edilirsə, bank ofisinin daxilində kurs fantastik dərəcədə fərqlə dəyişir. Ölkənin ən böyük bankı olan “Kapital Bank”ın ofisi daxilində xəzinədəki kurslar ofisin yerləşdiyi küçənin sonunda 3-7 faiz baha təklif edilir. Bu da səbəbsiz deyil – “Kapital Bank”ın xarici valyuta üzrə əməliyyatları üzrə sifarişçiləri dövlət, iri şirkətlərdir ki, onlardan da ucuz qiymətə kursla xarici valyuta alınır və Mərkəzi Banka, həmçinin də digər bankların xəzinələrinə baha qiymətə satılır. Bu bankın baş ofislərindən kənardakı «Exchange»lərdə alınan bahalı dollar isə ofisin xəzinədarlığını təmin etmək üçündür. Daxildə daha böyük hesablardan, daha ucuz qiymətə xarici valyuta üzrə əməliyyatlar təşkil etmək.

Valyuta dəyişmə bazarında Xarici valyutanın digər xarici valyutaya təstiq edilmiş alqı-satqı məzənnələri üzrə konvertasiyasının aparılması mərhələləri üzrə də kiçik bir araşdırma apardıq. Məlum oldu ki, xüsusi ekspertiza qaydalarına riayət edilmədən bu iş həyata keçirilir.

Bazarın konkret olaraq inhisarda saxlanması ilə bağlı isə kifayət qədər şikayətlər var. Bir bank (haqqında danışılan inhisarçı bank) Bakı şəhəri üzrə bir gün çox yüksək təsdiq edilmiş kursla xarici valyuta yığır. Bütün banklar az da olsa pul qazanmaq üçün VDM-lərinə həmin inhisarçı banka pul ayrılmasına razılıq verirlər. Dövriyyədəki nəğd pul kütləsinin yarısından çoxu Kapitalbankın xəzinəsinə yığılır. Səhər pul qıtlığı yarana bilir və bu bank təsdiq edilmiş satış kursunu yüksəldir. Nəticə etibarilə də cəmi 24 saat əvvəl baha qiymətə satdığı valuytanı nəğd kütlə qıtlığını müştərilərə hiss etdirməmək üçün bu banka müraciət edir. Dünən satdığından ən azı 2-3.5 faiz arası baha alır.

Qanunlar isə susur. Qanunsuz valyuta dəyişmə məntəqələrini himayə edənlərlə bağlı, valyuta dəyişmə bazarını inhisarda saxlayaraq başqa bankları da özündən asılı edən bir bankla bağlı…

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button