Islamlın türklərə gəlişi

Turan Dursun

III yazı

Xaqan Sulunun Göytürk boylarının başına keçməsi

Türklər ərəblərin istilasına qarşı dirənişlərini Çindən yardım istəyərək davam edirlər. Əvvəllər ərəblərlə işbirliyi quran Tuğsad 718-ci ildə Çin imperatorundan yardım istəyir. Çin türklərə yardım göndərmir. Turqis xanı Sulu Bati Göytürk boylarının başına keçir. O, 720-ci ildə Soğddakı türklərin ərəblərə qarşı üsyanını dəstəkləmək məqsədilə bir birlik göndərir. Sulunun Kur-Sal adlı komandiri Seyhun çayını keçərək Soğda gəlir və oradakı digər türklərlə birləşərək, Səmərqəndə doğru yeriyir. Ərəb valisi Səid ibn Haris türkləri dayandıra bilmir və Səmərqəndə geri çəkilir. Ancaq türklər Səmərqəndi mühasirəyə ala bilmirlər. Bu arada Səid ibn Harisin yerinə 721-ci ildə Xorasana Səid ibn Harasi təyin olunur. 722-ci ildə Hisam xəlifə olur, Səid ibn Harasini vəzifəsindən azad edərək yerinə Müslüm ibn Səidi təyin edir. Müslüm əvvəlcə Afşinə xərac təyin edir… Seyhunu keçir, bütün əkin yerlərini və ağacları yandıraraq irəliləyir. Bunu görən Turqis xaqanı Sulu Müslümün üstünə yeriyir. Sulunun üstünə gəldiyini öyrənən Müslüm geri çəkilməyə başlayır. Seyhun çayı yaxınlığında başqa bir türk bəyliyi tərəfindən dayandırılır. Bu yandan Sulunun birlikləri irəlilədikləri üçün, tələsən Müslüm zərər verməsinə rəğmən, Seyhun çayını keçərək Səmərqəndə çəkilir. Bu məğlubiyyətinə görə, Müslüm vəzifədən azad olunur, yerinə Əsəd ibn Abdullah təyin edilir. Əsəd əvvəlcə Hoten şəhərini ələ keçirərək qarət edir. Ancaq Turqis xaqanının Müslümü qovmasından cəsarət alan xalq ərəblərə qarşı üsyan edir. 726-cı ildə Turqis xaqanı Sulu qəti şəkildə Əsədin üzərinə yürüş edir. Huttalda vuruşurlar… Əsəd Sulunın qarşısında ağır məğlubiyyətə uğrayır. Buna görə də 727-ci ildə Əsəd də vəzifəsindən azad edilir, yerinə Əsrəs ibn Abdullah təyin olunur.

Əsrəs xalqı basqı altında saxlayaraq qayda-qanun yarada biləcəyini düşünsə də, uğur qazanmır. Bir qisim xalq müsəlman olduqlarını söyləyərək, vergi vermək istəmir və turqislilərdən yardım istəyirlər. Turqis xaqanı Sulu 728-ci ildə Əsrəsi ələ keçirir. Bu arada Əsrəsin yerinə Cüneyt ibn Əbdürrəhman keçir. Ərəblər Səmərqəndə çəkilir. 729-cu ildə Xaqan Sulu və Kur-Sul idarəsindəki Turqis qüvvələri ərəbləri 58 gün içində Kəmərcə qalasında mühasirədə saxlayırlar. Aclıqdan ölmək qorxusu ilə üzləşən ərəblər Kəmərcədən çıxarkən təslim olurlar və anlaşmaya görə Debusiyaya göndərilirlər. Daha sonra Xaqan Sulu Səmərqəndi mühasirəyə alır. Səmərqəndi işğal edən komandir Savra ibn Hürr, Cüneyt ibn Əbdürrəhmandan yardım istəyir. Cüneyt yardıma gəlincə, Səmərqənd yaxınlığındakı savaşda Savra Xaqan Suluya məğlub olur. Səmərqəndin ərəb Qərargah komandiri Savra bu savaşda ölür. Xəlifə Hisam Kufə və Bəsrədən 20.000 nəfərlik əlavə bir ordunu Cüneyt ibn Əbdürrəhmana göndərir. Xaqan Sulu 732-ci ildə Buxaranı tərk edərək geri çəkilir. 734-cü ildə Cüneyt ibn Əbdürrəhman ölür, yerinə Asim ibn Abdullah keçir. Bir il sonra onun da yerinə Xalid ibn Abdullah keçir…

Xaqan Sulunun ölümü və Cuzcan bəyinin xəyanəti

Xaqan Sulu 737-ci ildə Xalidin üzərinə yürüş edir. Ərəblər ziyan çəkərək Ceyhunun güneyinə çəkilirlər. Türklər Ceyhun çayını keçərək ərəbləri Bəlhə qədər geri çəkilməyə məcbur edirlər. Ancaq Cüzcan öndəri ərəblərlə birləşərək Xaqan Sulunun ölkəsinə qayıtmasına səbəb olur. Göründüyü kimi, əgər Cüzcan öndəri ərəblərlə işbirliyində olmasaydı, Xaqan Sulunun ordusu bəlkə də ərəbləri türk torpaqlarından təmizləyəcəkdi. Xaqan Sulu ölkəsinə döndükdən sonra bir zamanlar ərəblərə qarşı bərabər savaşdığı Kur-Sul tərəfindən şəxsi münasibətlərə görə öldürülür.

Vəziyyətin bu yerə gəlməsinin bir az da Çin tərəfindən hazırlandığı güman olunur və tarixdə Çinin türk bəyliklərini bir-birinə qarşı qoyma siyasəti kimi vurğulanır. Xaqan Sulunun ölməsi ərəblər arasında sevinclə qarşılanır. Belə ki, Xorasan valisi ərəblərdən Xaqanın öldürülməsinə görə şükür orucu tutulmasını istəyir. Xəbəri Xəlifə Hisama çatdırsa da, Xəlifə bu xəbərin doğruluğunu yoxlamaq üçün güvəndiyi adamları göndərir və xəbəri dəqiqləşdirir. Xaqan Sulunun öldürülməsindən sonra türklər bir daha özlərinə gələ bilmirlər. Ərəblərin türk yurdlarından təmizlənmələri ilə bağlı onların ümidləri bir anda sönür. Xüsusilə də Dikxanlar deyilən məhəlli hegemonlar ərəblərə böyük güzəştlər edirlər. Ərəblər müsəlmanlığı qəbul edən adamlara iqtisadi təminatlar verirlər. Cizyə olaraq alınan vergilərin miqdarı azaldılır, əvvəlki məcburiyyətlərə baxanda yumşaq müstəmləkə siyasəti yürüdürlər. Buraya qədərki tarixdə türklərin zorla müsəlmanlaşdırılmasını həyata keçirən iki şəxsin əməli qeyd olunur. Bunlardan biri ərəb komandiri Kuteybə və Xaqan Sulunun ərəblərə gərəkli bir zərbə endirmək ərəfəsində satqınlıq edib onlarla işbirliyinə girən xain Cüzcan bəyidir. Kur-Sul da Turqis xaqanı Sulunu şəxsi mənfəətləri üçün öldürərək, istər-istəməz ərəblərin qorxulu yuxusunu ortadan qaldırmış, müsəlmanlığın türk torpaqlarında daha rahat bir şəkildə yayılmasına səbəb olmuşdur.

Kur-Sulun ölümü və türk ordularının dağılması

Əməvilərin son valisi Nasir ibn Səyyarın valiliyə gəlməsi ilə birlikdə Güney Türküstanda ərəb ordusunda bir toparlanma başlayır. Nasir ərəb hakimiyyətinin yumşaq bir siyasətlə daha asan şəkildə yayıla biləcəyi düşüncəsi ilə güclü bir ordu quraraq, türk torpaqlarına yayılır. 739-cu ildə ərəblər Səmərqəndə tamamilə yerləşirlər. Ancaq Seyhun çayını keçməyə çalışsalar da, Kur-Sul komandirliyindəki türk ordusu tərəfindən durdurulurlar. Sayca Kur-Sulun ordusundan çox olmalarına baxmayaraq, çayın o biri tərəfinə keçməyə cəsarət etmirlər. Kur-Sul ərəblərin üzərinə hücum etməyi planlaşdırır. Ancaq bu arada ərəblərin gözləmədiyi bir gəlişmə olur. Çayın ətrafında kef edən Kur-Sul ərəb əsgərlərinə yaxalanır. Nasir Kur-Sulu o dəqiqə öldürərək, cəsədini türklərin görə biləcəyi yerdə – Seyhun çayının kənarında asdırır. Bu mənzərə çox keçmədən türklərin üzərində təsirini buraxır və türk ordusu onsuz da sayca üstün olan ərəblər qarşısında dağılır. Daşkənd və Fərqanə təslim olur. Nasir bundan sonra ərəb hakimiyyətini daha yumşaq siyasət yürüdərək bərqərar edir. Yurdlarını tərk edən türklərin geri dönəcəkləri təqdirdə vergi borcları bağışlanır. Xalq içindən müsəlman olanlar bəzi iqtisadi və sosial gəlirlərlə təmin edilir. Onlar müsəlmanlığı qəbul etməyə bu yolla şirnikdirilirlər. İslama tərəfdarlar toplamaq məqsədilə gərəkərsə qorxutmaqla, gərəkərsə təşviq edilərək tədbirlər görülür. Bu görülən tədbirlər ləng də olsa nəticə verir. Türk torpaqlarındakı son Əməvi ərəb valisi Nasir ibn Səyyar türklərə İslamı qəbul etdirməyi bacarmışdı. Bizi maraqlandıran tarix buraya qədərdir. Bundan bir az sonra ərəb torpaqlarında Əməvi Xanədanının hakimiyyəti sona çatır və Abbasilər dövrü başlayır.

749-cu ildə Abbasilər Əməvi xanədanını zorlamağa başlayır. Ərəb torpaqlarında başlayan daxili çəkişmə Əməvilərin ətrafa təsir eləyə biləcək qüvvələrinin bölünməsinə yol açır. Abbasilərlə birlikdə, müsəlmanlaşdırılan xalqlar arasında daha uyğun, onların adət və ənənələrinə uyar bir İslam formalaşdırılır. Əməvilərdən sonra İslamiyyətin universal bir din olduğu fikirləri ortaya atılır və onun kütlələr arasında daha geniş yayılmasına qayğı göstərilir. Beləliklə, əvvəllər yalnız ərəbinki kimi yaranan din, getdikcə daha universal görünməyə başlayır.

Bu arada ərəblər arasında gedən toqquşmalar getdikcə şiddətlənir. Ərəblər arasındakı qovğada Məvalilər, yəni azad edilmiş kölələr də xüsusi əhəmiyyət daşıyırlar.

Bu toqquşmalarda tərəf olan ərəb başçıları Məvaliləri hərəsi öz tərəfinə çəkmək istəyir. Ancaq bütün müsəlmanları guya bərabər görən İslam qarşısında Məvalinin durumu qeyri-müəyyəndir. Məvali bərabərliyi qabardan İslam adına ərəblərin üstünlüyünə qarşı çıxır. Əli tərəfi və peyğəmbərin əmisi Abbasın soyu, Əməvilər tərəfindən hiylə və zorakılıqla ələ keçirilən iqtidarın əsil sahibləri kimi davranırlar və bir sıra sosial problemləri qabardırlar. Əzilən sinif burada sinfi fərqlərin və yaşanan problemlərin səbəbini İslamda deyil, Əməvi xanədanının iqtidarında  axtarırdılar.

 

Müsəlman ərəblər türklərə nədən hücum etmişdir?

Əslində, bu tarixi bilən İslam tərəfdarları müsəlman ərəblərin türklərə hücum etməsini, onları İslam dininə dəvət etmək, gərəkərsə bunun uğrunda zor işlədib onları İslama boyun əyməyə vadar etmək şəklində yozurlar. Ancaq əsas səbəb bu deyil.

Bu mövzu da ayrıca Zəkəriyyə Kitabçının “Yeni İslam tarixi və türklər” adlı kitabında izah edilmişdir. Aşağıda həmin kitabdan bir parça veririk:

Dəyişən ərəb toplumunun yeni həyat anlayışı

a) Müharibə edən əsgərlərin sərvət istəyi

Ərəbləri, Orta Asiyanı fəth eləməyə yönəldən bir amil də əslində əsgərlərin qısa zamanda böyük sərvət və zənginliklərə sahib olmaları idi. Nəinki sonrakı dövrlərdə, hətta ilk vaxtlarda da fəth etdiklərində sosial-iqtisadi səbəblərin çox önəmli bir amil olduğu ortaya çıxmaqda idi. Xüsusilə, bədəvi, çöldə yoxsul şəraitdə yaşayan, həyat uğrunda amansız mübarizə aparan ərəblər hələ İslamın ilk dövrlərində hərbdə əsgərlərə verilən yüksək maaş və qənimətlərə görə qısa zamanda böyük bir sərvət və zənginliyə çatdıqlarını görmüşlər. Bu cür yaşamaq müharibədə iştirak etməyənlərlə müqayisədə böyük üstünlük idi. Bu qəbildən olan ərəb bədəvilərinin o zamankı durumu bu gün Anadoluda eyni sosial-iqtisadi səbəblərlə işləmək üçün Almaniyaya gedən türk kəndlisini və onun sosial həyatında meydana gələn gözədəyən dəyişiklikləri xatırlatmaqdadır. Buna görədir ki, ərəb qəbilələri müxtəlif cəbhələrdə döyüşmək üçün hətta Hz. Ömər dövründə Mədinəyə böyük qəfilələr halında axın-axın gəlməyə başlamışlar. Sonralar bunların ardınca bədəvi ailələr ərəb yarımadasından xaricə axın etmişlər. L.Caetaninin ifadəsiylə desək, tarixdə ilk dəfə Sami irqinin köçü başlamışdı.

Tarixdə bəlkə ilk dəfə vaqe olan bu sami ərəb köçü Əməvilər dövründə də bütün canlılığı ilə davam etmişdir. Həm də sadəcə İrana deyil, Türküstanın Buxara, Baykənd, Səmərqənd kimi bir çox böyük şəhərlərinə çoxsaylı ərəb ailələri yerləşdirilmişdir. Özəlliklə, Buxaraya yerləşdirilən bu qəbil mühacir ərəb ailələri o qədər çox idi ki, Kuteybə b.Müslüm də onlara güvənərək, bu böyük türk şəhərini təcriddə saxlamağa nail olmuşdu. Xüsusilə, 25-50 min arasında sıralanan və ailəlikcə edilən bu köçlər bir tərəfdən İran və Türküstanın böyük şəhərlərinin ərəb əhalisinin yerləşdirilməsinə, digər tərəfdən də siyasi ərəb hakimiyyətinin bölgədə asanlıqla oturuşmasına imkan yaratmışdı. Hətta İslam dininin inkişafına və yayılmasına da yardım etmişdi.

b) Gərgin dolanma ehtiyacı

Müsəlman ərəbləri qonşu ölkələri və Türküstanı işğal etməyə həvəsləndirən önəmli səbəblərdən biri də gərgin dolanma ehtiyacıdır. Nitekim-əl-Məsudinin ən gözəl kitab kimi tövsiyə etdiyi və işğal  hadisələrini obyektiv kriteriyalarla irəli sürən ilk tarixçilərimizdən Belazurinin “Fütuhul Büldan” adlı qiymətli əsərində ərəblərin dolanma ehtiyacı, məhrumiyyətlər içində apardıqları həyat mübarizəsi öz əksini tapıb. Eləcə də qonşu ölkələri işğal etməyə meyllənmələri və bu ölkələrdə böyük sayda yerləşdikləri haqqında açıq-aydın ifadələr var. (səh.299)

Təbərinin anlatdıqları

Aşağıda verilənlər həqiqətən Təbərinin yazdıqlarıdır.

Tarix-i Təbəri/cild 3 (səh.343)

Hər kim türklərdən baş gətirərsə, yüz dirhəm verəcəyəm. Bu çağırışa müsəlmanlar bir-bir türklərin başını kəsib gətirdilər və 100 dirhəm aldılar. Saysız-hesabsız türk qırdılar və mübaliğə ilə mal və qənimət toplayıb yenə Mərvə getdilər.

Yaz gəlincə Kuteybə Xorasan şəhərlərinə namələr göndərib əsgər topladı. Sonra Talkana köçdü. Talkan məliyi Şəhrək idi, Neyzeklə müttəfiq idi. Kuteybənin gəldiyini eşidincə qaçdı. Kuteybə Talkana girdiyi zaman hökm etdi ki, əhalini qılıncdan keçirsinlər. Nə qədər qıra bilirlərsə qırsınlar. Buna görə də Kuteybənin əsgərləri orada hesabsız adam öldürdülər.

Deyildiyinə görə, 4 fərsəng yol boyu iki tərəfdən cərgə ilə bitmiş qoz ağaclarının budaqlarından adamlar asılmışdı.

Kuteybə oradan keçib Mərvalaridə yerləşdi. Oradakı məlik qaçdı. Kuteybə onun da iki oğlunu tutduqda qalan şəhər bəyləri itaət elədilər. (səh.344)

Kuteybə dedi: – Vallah, əgər mənim ömrümdən üç söz söyləyəcək qədər zaman qalmış olsa, bunu deyərəm ki, Uktülühü, uktülühü, uktülühü (Hamısını öldürün, hamısını öldürün, hamısını öldürün).

Bununla bərabər, Neyzəki, Sol və Osman adlı iki qardaşı oğullarını, eləcə də onlarla birlikdə olan hamını öldürdülər. Burada 700 adam var idi. Əmr etdi, başlarını kəsib Həccaca göndərdilər. (səh. 347)

Kuteybə – “dəvə palanı” deməkdir. (səh. 351)

Qənimət malının beşdə birini Həccaca göndərib Səmərqəndin fəthini də elan etdi. Həccac da bu xəbəri eşidib sevindi. Kuteybə təkrar Mərvə döndü. Qardaşı Abdullahı Səmərqəndə əmir təyin etdi. Əsgərlərinin bir hissəsini onun yanında saxladı və lazım olan qədər hərbi sursat verib Abdullaha dedi: Kafirlərdən heç kimi Səmərqəndə girməyə qoyma, ancaq əlinə bir parça palçıq ver və o palçığın üzərinə möhür vur (səh. 353).

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button