Məktəbli formaları allergiyaya səbəb olur!

“Oğlumu məktəbə göndərməkdən imtina edirəm!”

Etibar Əliyev: “Təhsil Nazirliyini şagirdlərin sağlamlığı qətiyyən maraqlandırmır”

Məktəbli formaları xəstəliklərə səbəb olur. Bu barədə redaksiyamıza Qazax rayon sakini Azər Məmmədli xəbər verib. A.Məmmədlinin sözlərinə görə, Qazax şəhər 4 saylı orta məktəbinin 9-cu sinifdə təhsil alan oğlu Fərid məktəbli forması geyinəndə bədənində səpkilər yaranır: “Bu məktəbli formaları sintetik materialdan hazırlanıb. Oğlum formanı geyinəndə bədəni səpir. Hərarəti qalxır”. A.Məmmədlinin sözlərinə görə, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dələkquliyev şagirdin allergiyasına baxmayaraq, mütləq məktəbli formasını geyməsini tələb edir: “Keçən il məktəbin tələbi əsasında oğluma məktəbli forması aldım. Formanı geyindiyi gün bədəni səpdi. Həkimə apardıq. Həkim yoxlamalarından sonra məlum oldu ki, oğlumun məktəbli formasının tikildiyi sintetik parçaya qarşı allergiyası var. İki ay oğlum ciddi həkim nəzarəti altında müalicə olundu. Bu müddət ərzində dərslərindən qaldı. Bunu məktəb direktoru, təhsil şöbəsinin müdiri də bilir. Lakin bu il Qazax Rayonunun Təhsil Şöbəsinin müdiri Əhməd Dələkquliyev oğlumu formasız məktəbə buraxmağa imkan vermir. Mən məktəbə oğlumun allergiyası barədə həkim arayışı da təqdim etmişəm. Lakin şöbə müdiri inadından əl çəkmir. Bizə bildirir ki, Misir Mərdanovun vəziyyəti ağırdır, hamı mütləq forma almalıdır”.

Dünən məsələyə aydınlıq gətirmək üçün Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd  Dəlləkquliyevlə əlaqə saxladıq. Ə.Dəlləkquliyev problemin həll edildiyini bildirdi. Lakin A.Məmmədli şöbə müdirinin bizə doğru məlumat vermədiyini söylədi: “Oğlumu bu gün də məktəbə buraxmayıblar. Yəqin qəzetdən zəng edilməsi onu narahat edib”.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən təhsil eksperti Etibar Əliyev şagirdin dərsə buraxılmamasını direktor özbaşınalığı adlandırıldı: ““Təhsil Haqqında” qanunda və normativ aktlarda bu kimi hallar nəzərə alınmayıb. Əgər şagirdin sintetik parçaya allergiyası varsa, dərsə buraxılmalıdır. Konkret halda məktəb direktoru özbaşınalıq edib. Əslində, direktor allergiyaya səbəb olan geyimlərin ekspertizasını tələb etməliydi. O, Təhsil Nazirliyinə bu barədə dərhal məlumat verməyə borcludur ”.

E.Əliyev eyni zamanda məktəbli formalarının gigenik cəhətdən təhlükəli olduğunu söylədi: “Məktəbli formalarının məcburi qaydada satılması təhsil nazirinin şəxsi maraqlarından irəli gəlir. Söhbət milyonlarla manat dəyərində böyük biznes əməliyyatından gedir. Məndə olan məlumata görə, məktəbli formaları Çində istehsal olunan həddən artıq keyfiyyətsiz parçalardan tikilir. Bu da şagirdlərin müxtəlif dəri xəstəliklərinə yoluxma riskini artırır. Şirkətlərə Patent Komitəsi uyğunluq sertifikatı verib. Lakin komitə parçaların mənbəyi ilə maraqlanmayıb. Qanunvericilikdə nəzərdə tutulduğu kimi formalar analizlərdən keçirilməyib. Sadəcə, qarşılıqlı razılaşma əsasında şirkətlərə lisenziya verilib. Burada ciddi cinayət hadisəsi baş verib. Millətimizin genefondu olan azyaşlıların sağlamlığı zərbə altına qoyulub. Məsələ qanuni yolla araşdırılsa, xeyli sayda məmur və bir neçə oliqarx həbs edilməlidir ”.

E.Əliyev valideynlərin etinasız münasibətindən narazılığını dilə gətirdi: “Təhsil Nazirliyini şagirdlərin sağlamlığı qətiyyən maraqlandırmır. Lakin valideynlər də üzərilərinə düşən məsuliyyəti dərk etmir, ya da etinasız münasibət göstərirlər. Əslində, valideynlər formaların ekspertizasını tələb etməli, paralel olaraq müstəqil ekspertlərə müraciət olunmalıdır”.

Qeyd edək ki, məktəbli geyimlərinin şagirdlərdə müxtəlif formalarda allergiyalara səbəb olması barədə çoxsaylı faktlar mövcuddur. Azərbaycan qanunvericiliyinə görə, azyaşlılar üçün geyimlərin istehsalı xüsusi lisenziya tələb edir. Məktəbli geyimləri istehsal etmək üçün müəssisələr Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsinin QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartına uyğun məktəbli formaları istehsal etməlidir.

Xatırladaq ki, ötən il məktəbli formaları “Bakı Tikiş Evi”ndə istehsal edilmışdı. Təhsil Nazirliyi yalnız bu müəssisənin formalarının alınması barədə qeyri-rəsmi əmr vermişdi. Məktəbli formaları satılmağa başladıqdan sonra Metereologiya və Patent üzrə Dövlət Komitəsi rəsmi bəyanatla çıxış edərək “Bakı Tikiş Evi”nə məktəbli formalarının istehsal etmək üçün lisenziya verilmədiyini bildirmişdi. Daha sonra komitə “Bakı Tikiş Evi”ndə yoxlamalara başladı. Müəssisənin istehsal etdiyi məhsul komitənin Təcrübə-Sınaq Mərkəzində testdən keçirildi. Yoxlamaların hansı səviyyədə keçirilməsi bizə məlum olmasa da, komitə “Bakı Tikiş Evi”nin formalarının standartlara uyğun gəldiyi barədə məlumat verdi. Azərbaycanda məktəbli formalarının istehsalı və satışı inhisara alınıb. Məktəblilər əsasən, “Bakı Tikiş Evi”ndə və Yevlax şəhərində yerləşən “Lalə Tekstil” ASC-də istehsal olunan məktəbli formasını geyinməlidirlər. Təhsil Nazirliyi məktəb direktorlarına yalnız bu şirkətlərin formalarının alınması barədə göstəriş verib. Qeyri-rəsmi bazar bölgüsünə görə, “Bakı Tikiş Evi”nin məhsulları ölkə ərazisinin 60 faizində satılır. “Lalə Tekistil” ASC isə Vəliyevlərin nəzarəti altında olan Yevlax, Gəncə, Mingəçevir,  Bərdə şəhərlərində, eləcə də Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, qərb rayonlarında, Oğuz, Qəbələ, Şamaxı rayonlarında və Şəki-Balakən bölgəsində satılır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, kəndlərdə şagird  formaları birbaşa məktəblərdə satılır.

Apardığımız araşdırmalar zamanı bir sıra məktəbli formalarının istehsalı zamanı ciddi qanun pozuntularının olduğunu müəyyən etdik. Belə ki, şirkətlər məktəbli forması istehsal etmək üçün əsasən, Çindən parça alırlar. Etibarlı mənbənin verdiyi məlumata görə, Çindən alınan parçalar əsasən tullantı materiallarından hazırlanan parçalardır. Bu tipli parçalardan Çinin özündə belə paltar tikilməsinə icazə verilmir. Azərbaycan şirkətlərinin sahibləri daha çox qazanc əldə etmək üçün təkrar emal üsulu ilə hazırlanan parça alır.

Dünən məktəbli formalarının keyfiyyət ilə bağlı suallarla  Metereologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmək istədik. Lakin gün ərzində komitənin əlaqə telefonuna etdiyimiz zənglərə cavab verilmədi.

Mövzunu davam etdirəcəyik.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button